1. Borcumu (belə demək mümkünsə) qaytarmaq düşüncəsi. İnsanın yaranması (ya da yaradılmasının) məqsədini, həyatın mə'nasını tam dərk edə bilmirəm. Ama onu düşünürəm ki, hər insan yaşamı üçün valideyinlərinə, Vətəninə və insanlığa borcludur (miqdarını tə'yin etmək mümkün deyil). Bu borcu qaytarmaq mümkünmü? Ananızın (ana bətnindəki həyatınızı da nəzərə alaraq) sizin həyatınız üçün çəkdiyi əziyyətin neçə faizini geri qaytara bilərsiniz? Yaxud, bir maşının yaranmasında minlərcə insanın zehni və fiziki əməyi təmərküzləşib. Heç düşündünüzmü ki, uzaq keçmişdə sizin indi istifadə etdiyiniz avtomobilin daxili yanma mühərrikini kəşf edən ixtiraçıya borcunuz var və onu necə ödəyə bilərsiniz? Yə'ni, bizim borc ödəməmizin geri yolu çox məhduddur ya da yoxdur. Əvəzində övladlarımıza (hətta bizə veriləndən daha çox) və bizdən sonrakı nəslə bir şeylər verə bilərik və verməliyik. Başqa sözlə keçmişdən indiyə və bu gündən gələcəyə uzanan, çox şeyi müəmmalı qalan bu həyat zəncirində bizim nəsil də bir halqadır. Bu halqanın bir zərrəciyi də (çox kiçik də olsa) bizik və borcumuzu dərk etməli və ödəməyə heç olmasa cəhd etməliyik. Bu məqsəd və böyük ümidlə “insanlığın” mənə verdiyi internet imkanından istifadə edərək borcumun heç olmasa bir hissəsini verməyə cəhd etdim. Bilik və təcrübəmi sizlərlə bölüşmək qərarına gəldim. Həm də həkimlik borcumu (əhalinin sanitar maarifini artırmaqla, gənc həkimlərə məsləhət verməklə, həmkarlarımla təcrübə mübadiləsi etməklə) yerinə yetirmiş olaram. Faydalı olsam, özümü daha rahat hiss edəcəyimi düşünürəm.

2. Mərkəzi sinir sisteminin iş prinsiplərindən biri də əks əlaqə prinsipidir. Belə ki, orqanizmdə hərəkət (fəaliyyət) zamanı fəaliyətin reallaşması istiqamətindəki mərhələlərdə mərkəzə mə'lumat verilir. Bundan asılı olaraq fəaliyyətin sonrası korreksiya edilir. Bu prinsip bir çox başqa sahələrdə də tətbiq olunur. Digər yandan əslində (fəaliyyət) qıcığa bağlıdır. Yəni özünütənqid və tənqid olmasa insannın təkmilləşməsi çətin olar. Ona görə də sizin fikir, rə'y və tənqidləriniz mənim öz üzərimdə daha çox çalışmağıma, peşəmdə təkmilləşəcəyimə səbəb olacağını düşünürəm.

3. Qeyd etməliyəm ki, tanış və xəstələrimin tələbinin az da olsa tə'siri olmuşdur.

4. Özümü tanıtmaq istəyimi reallaşdırmaq. Məncə, insanın boyük arzuları həyata keçəndə xoşbəxt olur, istəkləri reallaşanda rahatlıq tapır. Həmişə insanın bir tutqusu da tanınmaq həvəsidir. Ama, mən tanınmaqdan çox özümü tanıtmaq yə'ni fiziki mə'nada deyil, fikir və düşüncələrimi sizə çattırmaq anlamında) məqsədi ilə səhifəni tərtib edirəm. Çünki, çox vaxt eşitdiyim fikir, qarşılaşdığım hadisələr, əksəriyyət tərəfindən asanlıqla qəbul olunsa belə, mən həmən qəbul edə bilmirəm (paradoksal görünsə belə, e'tiraf etməliyəm ki, istəsəm də). Məndə onlara qarşı ya tənqidi ya da əks fikir yaranır. Hesab edirəm ki, hər hansı bir məsələyə muxtəlif nəzərlərdən baxmaq məsələnin rasiyonal həlli üçün faydalıdır (istərsəniz bunu özünü müdafiə kimi də qəbul edə bilərsiniz). Açıqcası, fikirlərimi sizə çatdırmaqda məqsədim odur kı, aranızda həmfikirlərimi tapım. ‘’Sən demə qara qızın dərdi varmış: yə'ni ki, sən həmfikir "ovuna" çıxmısan’, deyə düşünənlərinizdən çox incimərəm.