Cıxlımazlıqdan “çıxış”

(05.04.2006, Naxçıvan)

Həyatı anlamaq üçün çox çabaladım,
Heç fərqində olmadan altmışıma vardım.
Amma, biləmədim kimdir, nədir bu dünya,
Yaradandır yoxsa yaradılandır dünya.

Sanki, dünya hərəkətdə olan bir qatar,
Kimsə tapmadı,
Hardan gəlir?
Gedir hara?

Daim hərəkətdə olan,
bizdən sonra da qalan, bu qatar.

Bunları dərk etməyə nə sənin,
nə mənim
gücümüz çatar.

Enində sonunda bu fikrə gəldik biz də:
Bildiyimizlə kifayətlənək.
Çox da dərin düşünməyək.
Elə səthdə üzək.

Yoxsa bataraq boğularıq
Öz düşüncələrimizdə.

(- Necə, necə?
Elə beləcə. Həm də, kimin üçünsə gülməcə.)

Qeyd: Şe'rdən başı çıxan birininin mənim bu cızma qaralamamı oxusa (oxusa…) və “bu nə forma şe'rdir?” deyə düşünsə, onu qınamam. Amma, cavabsız da qoymam: Hər hansı bir “forma” (ən təkmil variantda belə) nə zamansa olmayıb, yəni onu kimsə yaradıb. Həm də bu formalar insanları həmişə bir çərçivəyə salmaq məqsədini güdüb. (Amma, gerçekden mənim məqsədim nə isə bir şe'r forması yaratmaq deyil, fikrimdəkiləri ifadə etməkdir. Ehtimal edirəm ki, bu sərbəstlik nə vaxtsa mənim kimi birisinin işini asanlaşdıra bilər).

Lətifələr

Naxçıvan Səhiyyə Naziri Respublika xəstəxanasında təzə açılmış Reanimasiya şö'bəsinə baxarkən fərqində olmadan bir birinə bənzəyən kabinet və palatalara təkrar girmiş. Təəcüblə, “Palata və kabinetlər niyə bu qədər artıb?” deyərək baş həkimdən soruşur. Baş həkim əvvəlcə daha çox təəcüblənir (nazirin halına), sonra qorxur (nazirə nə deyəcəyini tapa bilmədiyindən) sonra da sevinir (nazir getdikdən sonra).


Naxçıvan Səhiyyə Naziri Respublika xəstəxanasında təzə açılmış Reanimasiya şö'bəsinə baxıb çıxarkən ayaqqabısını, dabançəkən olmadığından təlaşa qapılan baş həkim və şöbə müdiri köməkləşərək barmaqları ilə bir təhər nazirin ayaqqabısını bir tayını geydirirlər ki, bu zaman şöbənin baş tibb bacısı dabançəkən tapıb gətirir. Nazir, ayaqqabıların tayını dabançəkənlə geydikdən sonra o biri tayı da çıxarıb dabançəkənlə təkrar geyir.


Müəllim:
- Dadaş, dünən niyə dərsə gəlməmişdin?
- İnəyimizi aparmışdım kələnin yanına.
- Bala, bu işi atan etsəydi olmazdı?
- Müəllimim, vallah dedilər ki, kələ etsə yaxşıdır.


Yuxarıdan göstərişə əsasən bir müxalifətçini həbs etmək istəyən polis onun cibinə nəşə qoyub tutmaq istəyir. Lakin əvvəldən başına gətirildiyi üçün müəyyən təcrübəsi olan müxalifətçi buna imkan vermir. Polis onun üstünü didik didik arayıb cibindən köhnə bir resept tapır. Bunu bəhanə edən polis:
- Sən "hapçısan", ona görə səni həbs edirəm. Bu da yanında gəzdirdiyin əşyayi dəlil.
Çarəsiz qalan müxalifətçi:
- Rəis, sizin "əşyayi dəlil" məntiqinizlə, məni zinadan tutsanız daha inandırıcı olar.


Nehrəmli Məşədi Hüseyn xısıltı ilə molladan soruşur:
- Xala ilə evlənmək olaar?
Molla qaşqabağını turşudaraq:
- Yox, olmaz! Qətiyyən olmaz!
Məşədi Hüseyn təəcüblə və daha yavaşdan:
- Boo, ama, mən elədim oldu.


Nəsir kişi bilmədən ayağını çanaq belin ucuna basır, belin sapı qalxıb onun başına dəyir. Az qala huşunu itirən Nəsir kişi hirsindən nə edəcəyini bilmir və üzünü belə tutub “Beləsən ki, tutub sənə ağac soxublar da...” deyir.


Mozu evə gec və əli boş gəlir. Atası soruşur ki, bala, niyə gec gəldin? Oğlan, ilk maaşını aldığını, bazara gedib alver eləmək istədiyini, ancaq şalvarın arxa cibinə qoyduğu pulunun oğurlandığından heç nə alabilmədiyini söyləyir.
Qəzəblənən ata:
- Bala, adam pulunu arxaya etibar etməz, ürəyinin başına qoyar, arxasına e'tibar edənin halı elə belə olar.


Həkimlər gülüş obyektində:
Bir psixiatr daha təcrübəli həmkarından soruşur:
- Sən niyə hamıdan səhər yeməyində nə yediklərini soruşursan.
- Nə yediklərini öyrənərək, mənə verə biləcəyi pulu hesablamaq üçün.